• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Bir  qrup QHT tərəfindən təqdim olunan Alternativ (tematik) hesabatlar BMT ƏŞHHK-nin saytına yerləşdirilib.
12 mart, 16:48
214

Əlil Təşkilatları İttifaqı 2023-cü ildə “Alternativ hesabatların hazırlanmasında əlilliyi olan şəxslərin təşkilatlarının gücləndirilməsi” layihəsini icra etmişdir. Layihəyə Əlil Təşkilatlarına üzv olan 15 təşkilat qoşulmuş və  müxtəlif mövzular ətrafında alternativ (tematik) hesabatlar hazırlamışlar.  ƏTİ-nin BMT-nin İHAK -la layihəsi uğurla başa çatmışdır. Qruplar tərəfindən təqdim olunan Alternativ (tematik) hesabatlar BMT ƏŞHHK-nin saytına yerləşdirilib. 
https://tbinternet.ohchr.org/_layouts/15/treatybodyexternal/SessionDetails1.aspx?SessionID=2687&Lang=en
Layihənin rəhbəri Əlil Təşkilatları İttifaqının Prezidenti Davud Rəhimliyə, təlimçi Ramil İskəndərov və ekspert Sahib Məmmədova  layihənin uğurla icra olunmasına görə təşəkkür edirik.

Hesabatı təqdim edirik:
1.Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi
Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi üzrə Komitənin 12 May 2014-cü il tarixli  (31 mart – 11 aprel 2014-cü ildə Komitənin 11-ci sessiyasında qəbul olunub) (CRPD/C/AZE/CO/1) Yekun Müşahidələrinin[1] (Concluding observations)  12,13,14 və 15-ci bəndlərində Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı ayrı-seçkiliyin aradan qaldırılması üçün həm qanunvericilik, həm statistik göstəricilər, həm də praktiki məsələlərdə narahatlıq doğuran problemlərin olması göstərilib və müvafiq tövsiyələr verilmişdir.
Yekun müşahidələrin verilməsindən ötən dövr ərzində həm qanunvericilik, həm də praktiki məslələrdə müsbət yeniliklərin olmasına baxmayaraq əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkilik halları həm qanunvericilikdə, həm də onun tətbiqi praktikasında mövcuddur.
Komitənin yekun müşahidələrinin  (Concluding observations)  12-ci bəndində göstərilir ki “Komitə narahatdır ki, iştirakçı dövlətin bərabərlik və ayrı-seçkilik əleyhinə qanunvericiliyi əlilliyə görə ayrı-seçkiliyi açıq şəkildə qadağan etmir, bu da ictimaiyyətin qanuna riayət olunmasını təmin etməyi çətinləşdirir”. (Komitə iştirakçı dövlətdə bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı qanunvericilikdə əlilliyə əsaslanan ayrı-seçkiliyin açıq şəkildə qadağan edilməməsindən narahatdır ki, bu da geniş ictimaiyyət tərəfindən qanuna riayət olunması ilə bağlı problemlər yaradır.[2].).
Komitə bununla bağlı tövsiyyə etmişdir ki “Komitə iştirakçı dövlətə tövsiyə edir ki, əlilliyi olan şəxslərin hüquqlarına dair yeni qanun layihəsinə əlilliyə görə ayrı-seçkiliyin və əlilliyi olan şəxslərə qarşı ayrı-seçkiliyin müxtəlif formalarının açıq şəkildə qadağan edilməsini daxil etsin. Komitə həmçinin İştirakçı Dövləti yeni Əlillərin Hüquqları haqqında Qanun layihəsinə ağlabatan yerləşdirmə konsepsiyasını daxil etməyə və qanunvericilikdə və bütün digər müvafiq qanunvericilik aktlarında ağlabatan şəraitdən imtinanın əlilliyə görə ayrı-seçkiliyin bir forması olduğunu açıq şəkildə ifadə etməsini təmin etməyə çağıır.
(Komitə iştirakçı dövlətə tövsiyə edir ki, əlilliyi olan şəxslərin hüquqları ilə bağlı yeni qanun layihəsinə əlilliyə əsaslanan ayrı-seçkiliyin və əlillərin məruz qaldığı ayrı-seçkiliyin çoxsaylı formalarının açıq şəkildə qadağan edilməsini daxil etsin. Komitə həmçinin İştirakçı Dövləti əlilliyi olan şəxslərin hüquqlarına dair yeni qanun layihəsinə ağlabatan şəraitin təmin edilməsi konsepsiyasını daxil etməyə və bu qanunvericilik və bütün digər müvafiq qanunların ağlabatan yerləşdirmədən imtinanın bir forma kimi aydın şəkildə təsdiqlənməsini təmin etməyə çağırır. əlilliyə görə ayrı[3]).


2.Qanunvericilik
Hesabat dövründə (2014-cü ildən sonra) Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların ayrı-seçkiliyə məruz qalmaması və cəmiyyətə inteqrasiyası istiqamətində bir neçə qanunvericilik aktları qəbul olunmuşdur. 2018-ci ildə qüvvəyə minmiş “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu[4] BMT-nin Əlilliyi Olan Şəxslərin Hüquqları Haqqında” Konvensiyaya uyğunlaşdırılmışdır. Bununla belə bir sıra qanunvericilik aktlarında əlilliyi olan şəxslərə münasibətdə terminlər konvensiyanın müddəalarına ziddir və steqma yaradır.
“Şəhərsalam və Tikinti Məcəlləsinin 57.2.7-ci maddəsinə 19 may 2020-ci il tarixində edilən dəyişikliyə görə “Əlilliyi olan şəxslərin və hərəkət imkanları məhdud digər şəxslərin infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilməlidir (xüsusən də ümumi istifadə üçün nəzərdə tutulmuş tikinti obyektlərində)”[5]. Bundan sonra Nazirlər Kabineti tikinti aparılarkən onun əlilliyi olan şəxslər üçün ağlabatan uyğunlaşması üçün xüsusi qaydalar qəbul etmişdir. Lakin praktikada istər yaşayış və qeyri-yaşayış binaları tikilərkən, istər infrastruktur sahələr tikilərlkən o cümlədən yeraltı və yerüstü keçidlər, işıqforlar, ictimai nəqliyyat üçün dayanacaqlar, səkilər tikilərkən bu Məcəllənin və qaydaların tələblərinə əməl edilmir və bu sahədə xüsusi dövlət nəzərəti təmin olunmayıb. Nəticədə əlilliyi olan şəxslərə münasibətdə bərabərlik hüququ pozulur və bu əhalinin 6%-ə yaxınını təşkil edən əlilliyi olan şəxslərə münasibətdə ayrı-seçkiliyə gətirir.
Ayrı-seçkiliyin qarşısının alınması sahəsində ayrı qanun hələ də qəbul olunmayıb.

3.Müyəssərlik
Şəhərlərdə (kənd və qəsəbələrdə ümumiyyətlə müyəssərliyin təmin olunması üçün hər hansı elementar tədbirlər həyata keçirilməyib) hərəkət, görmə və eşitmə məhdudiyyəti olan əlilliyi olan şəxslər üçün müyəssərlik təmin olunmayıb. Hesabat dövründə paytaxt Bakı şəhərinin mərkəzi hissələrində səkilərdə ağılabatan uyğunlaşma aparılsa da, bu hissələrdə də təkərli arabanın hərəkəti məhduddur. Belə ki, yeraltı və yerüstü piyada keçidlərinin heç biri hərəkət məhdudiyyəti olan əlilliyi olan şəxslər üçün uyğunlaşdırlmamışdır.
Şəhərdə bir neçə yerdə səsli işıqforlar olsa da əksəriyyət işıqforlar görmə məhdudiyyəti olan şəxslər üçün uyğunlaşdırlmamışdır. Təşkilatın apardığı monitorinqlər nəticəsində müəyyən edilmişdir ki, hesabat dövründən əvvəl və hesabat dövründə tikilən bütün yeraltı və yerüstü keçidlərin heç birində hərəkət, görmə və eşitmə məhdudiyyətli əlilliyi olan şəxslər nəzərə alınmamışdır. Paytaxt Bakı şəhərinin mərkəzi hissələrində səkilər hərəkət məhdudiyyəti olan əlilliyi olan şəxslər üçün uyğunlaşdırılsa da, digər hissələrdə, avtomobillərin yeraltı parklama yerlərində uyğunlaşma təmin edilməyib. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilən sorğuya cavab olaraq bildirilib ki, “Əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəni asanlaşdırmaq və xidmət keyfiyyətini artırmaq məqsədilə  sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqi  davam etdirilir. Belə ki, istifadəçilər “Bakı Kart” tətbiqini yükləməklə avtobusların dayanacağa çatma vaxtını, gedəcəyi yeri  və səfərlərini planlaya, plastic kartın balansını artıra bilərlər. Eyni zamanda əlilliyi olan şəxslərin, yaşlı insanların və uşaq arabalarının nəqliyyatda rahat və təhlükəsiz hərəkətinin təmini məqsədilə hazırda 198 küçə və prospektdə panduslar inşa edilmişdir”. Cavabdan da görünür ki, hərəkət, görmə və eşitmə məhdudiyyətli şəxslərin hətta böyük şəhərlərdə hərəkət etməsi üçün görülən işlər kifayət qədər azdır və müəyəssərliyi təmin etmir.
Bu isə öz növbəsində əlilliyi olan şəxslərin hərəkət imkanlarını məhdudlaşdırır və nəticədə ayrı-seçkiliyə gətirir. Hərəkət mobilliyi məhdud olan şəxslər bu səbəblərdən işə qəbul olunmurlar. Dövlət əlilliyi olan şəxslərin məşğulluğunu təmin etmək üçün aktiv məşğulluq proqramları təşkil edərək onların peşə qabiliyyətinin artırılmasına dəstək olur və özünəməşğulluq proqramlarına cəlb edir.  Lakin infrastruktur müyəssər olmadığından hərəkəti məhdud əlilliyi olan şəxslər bərabər imkanlardan istifadə edə bilmir. 
 
4.Əlilliyi olan şəxslərə münasibətdə fərqli yanaşma
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı  ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi 1990-cı il 20 yanvar hadisələri, hərbi xidmət vəzifəsini yerinə yetirərkən, II Dünya müharibəsi ilə əlaqədar əlilliyi müəyyən edilən və onlara bərabər tutulanlar, həmçinin Çernobıl atom elektrik stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırlması zamanı  əlillik almış şəxslər,  dövlət hesabına minik avtomobilləri ilə təmin olunmaq hüququna malikdirlər. Bu sahədə dövlətin müsbət fəaliyyətini qeyd edirik. Bununla belə digər səbəbərədən (anadangəlmə və ya sonradan əldə edilmiş) əlilliyi olan şəxslərin dövlət hesabına mənzil və fərdi ev,  minik avtomobilləri ilə təminatında ayrı-seçkilik vardır. Anadangəlmə və ya sonradan əlillik əldə edilmiş şəxslər bu imtiyazlarla təmin edilməyib. 1977-ci ildən başlayaraq  rayon İcra Hakimiyyətlərində dövlət hesabına mənzil ilə təmin olunmaq üçün növbə gözləyən minlərlə əlilliyi olan şəxs var. Bu insanların mənzil şəraitinin yaxşılaşdırılması onların sağlamlığına birbaşa təsir edən amillərdəndir. Yaxşı olardı ki, bu cür əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik aradan qaldırılsın və mənzil təminatı zamanı onların da mənzil şəraitinin yaxşılaşdırılması nəzarətə götürülsün.
Əlilliyi olan şəxslərə nəqliyyat vasitələrini idarə etmək üçün icazə verilməsi zamanı da aşkar ayrı-seçkilik halları mövcuddur. Sağlam və 70 yaşdan aşağı olan şəxslərə sürücülük vəsiqəsi hər 10 ildə bir dəfə dəyişdirilmək şərti ilə verildiyi halda əlilliyi olan şəxslərə belə vəsiqələr iki ildə bir dəfə dəyişdirilmək şərti ilə verilir. Bu zaman sürücülük vəsiqəsinin alınması üçün hər dəfə dövlət rüsumu ödənməlidir. Bu halda sağlam insanla əlilliyi olan şəxs arasında rüsum ödənilməsində də ədalətsiz yanaşma mövcuddur. Əlilliyi olanlar 10 il ərzində 5 dəfə artıq rüsum ödəməli olurlar.

 5.Məşğulluqda bərabərsizlik və ayrı-seçkilik və onu doğuran səbəblər
Statistik məlumatlara əsasən ölkə əhalisi 10 067 100 nəfərdir, bunun 559 173 nəfəri əlilliyi olan şəxslərdir (ümumi əhalinin 5,6 %-i). Bunlardan 55782 nəfəri uşaqlardır. İşləyən əlillərin sayı 44 421  nəfər təşkil edir[6].
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə görə “Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır”[7]. Həmin maddənin 4-cü bəndində göstərilir ki, “Əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə yol verilmir”.
Bununla belə, məşğulluqda əlilliyi olan şəxslərin hüquqları ciddi şəkildə pozulmaqdadır. İş yerlərində əlilliyi olan şəxslərə qarşı “gizli dskriminasiya” mövcuddur.Bu səbəbdən bir çox əlilliyi olan şəxslər (əsasən ümumi xəstəliklərdən əlilliyi olanlar) əllilliklərinin olmasını gizlətməyə məcbudur. Bunun əsas səbəbi odur ki, Əmək Məcəlləsində əlilliyi olan şəxslər üçün xeyli imtiyazlar nəzərdə tutulur. Bu imtiyazlarla bağlı bütün məsrəflər mülkiyyət formasından asılı olmayaraq işəgötürənlərin üzərinə düşür. Bu isə öz növbəsində işəgötürənlərdə əlilliyi olan şəxslərə qarşı gizli ayrı-seçkilik yaradır. Bu imtiyaz və güzəştlər aşağıdakılardır:
-Əmək Məcəlləsinin 119-cu maddəsinə görə “Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlillərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir”. Bu fəhlə heyəti üçün nəzərdə tutulan məzuniyyət müddətinin iki misli qədərdir;
-Əmək Məcəlləsinin 94-cü maddəsinin 3-cü bəndinə əsasən “İşçinin səhhəti və fizioloji vəziyyəti (hamiləlik, əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu), habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud sağlamlıq imkanları məhdud uşağı olan qadınlara ərizələri ilə işəgötürən natamam iş vaxtı (iş günü, yaxud iş həftəsi) müəyyən etməlidir”;
-Əmək Məcəlləsinin 66-cı maddəsinə görə “vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər” attestasiyadan keçirilmir;
-Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən 1-ci və 2-ci qrup əlillər üçün qısaldılmış iş saatı  müəyyən olunur. Bu qruplar üzrə əlilliyi olan şəxslər üçün iş həftəsinin müddəti 36 saatdan artıq ola bilməz;
-Əmək Məcəlləsinin 133-cü maddəsinə görə əlilliyi olan şəxslərə əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər;
-Əmək Məcəlləsinin 131-ci maddəsinə əsasən əlilliyi olan şəxslərin Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən  istifadə etmək hüququ vardır;
-Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən əlilliyi olan şəxslərin xahişi ilə onlara iş ili ərzində 1 təqvim ayınadək ödənişsiz məzuniyyət verilir;
-Əmək Məcəlləsinin 38-ci maddəsinə əsasən Kollektiv sazişlər bağlanarkən əlilliyi olan şəxslər üçün əlavə imtiyazlar və güzəştlər müəyyən oluna bilər.
Nəticədə bir çох əlil insanlar əlil оlduqlarını işəgötürənlərdən gizli saхlamaq məcburiyyətindədirlər. Belə оlan halda оnlar Əmək Məcəlləsində nəzərdə tutulan imtiyazlardan, о cümlədən 42 təqvim günü müddətində məzuniyyət hüququndan məhrum оlurlar və ən yaхşı halda sağlam işçilər üçün nəzərdə tutulan müddətdə ödənişli məzuniyyət hüququndan istifadə edirlər. Beləliklə, Azərbaycanda əlilliyi olan şəxslərin də bir qismi  əmək bazarında açıq rəqabət şəraitində işləyirlər. Qeyd olunduğu kimi, bu şəxslərin bir çoxu əlil olmalarını işəgötürəndən gizlədirlər, digər qismi isə əksinə əlillər üçün nəzərdə tutulan imtiyaz və üstünlüklərdən bəhrələnir, həmçinin əlilliyi olmayan işçilərlə  birlikdə eyni işi yerinə yetirirlər.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışını əngəlləyən digər spesifik problemlər aşağıdakılardır:
  •   Müvafiq hüquqi baza təkmil deyil və bu baxımdan onların praktiki impelmentasiyası mümkün deyil;
  • İş yerlərində Əlilliyi olan insanlar üçün zəruri infrastruktur yox dərəcəsindədir. İşəgötürənlər belə infrastrukturun yaranmasında maraqlı deyil və dövlət onların maraqlı olması üçün hər hansı ciddi stimullar təklif etmir;
  • Əlilliyi olan insanların  əmək bazarına çıxışı üçün onların peşələrə yiyələnməsi və peşəyönümünü dəyişmələri üçün ciddi və əhatəli təhsil sistemi mövcud deyil;
  • Əlilliyi olan insanlar iş yerlərinə dair məlumatları əldə edə bilmir;
  • İş yerləri məhduddur;
  • Əlilliyi olan şəxslər üçün açıq (rəqabətli) əmək bazarına çıxışla bağlı problemlər mövcuddur;
  • Əlilliyi olan şəxslər üçün alternativ məşğulluq sistemi tam təşəkkül tapmamışdır.

Əlilliyi olan insanların  əmək bazarına çıхışı üçün mövcud оlan məhdudiyyətlər  çохdur və bu baхımdan yalnız qanunvericiliyin təkmilləşdirilməsi kifayət deyildir.  Dövlətin tabeçiliyində olan müəssisələrdə  əlilliyi olan insanlar üçün şərait yaradılmadığı halda, bazar münasibətləri şəraitində hər hansı sahibkardan müəssisədə işçi üçün хüsusi lift quraşdıracağı, panduslar və sanitar qоvşaq hazırlayacağı real deyildir. İşəgötürən bir neçə nəfər üçün belə хərcləri çəkməyə hazır deyildir. Bu baхımdan əlilliyi olan insanlar işəgötürənlər üçün “peşəyə yararsız” hesab оlunur. Bu insanları işə qəbul edərək imtiyazlı əmək şəraiti yaratmaq heç bir işəgötürənin planlarına daхil deyildir[8].

5.1.Dövlət sektorunda əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunmasının vəziyyəti
Azərbaycan Respublikası Konstitusiyasının 55.2-ci maddəsinə görə “Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər”[9]
Bununla belə dövlət orqanlarında çalışan dövlət qulluqçuları arasında əlilliyi olan şəxslərin bütün işçilərə münasibətdə nisbəti 1-1,5 %-dən çox deyildir. Azərbaycan Respublikasında dövlət orqanları 6 kateqoriyaya bölünür. Ali və 1-ci kateqoriya dövlət orqanları istisna olmaqla digər kateqoriya dövlət orqanlarına qəbul test imtahanları və müsahibə yolu ilə qəbul edilir. Həm ali və 1-ci kateqoriya dövlət orqanlarında, həm də digər kateqoriya dövlət orqanlarında çalışan əlilliyi olan şəxslərin sayı kritik dərəcədə aşağıdaır. Alternativ hesabatı hazırlayan QHT koalisiyası dövlət orqanlarına informasiya sorğusu göndərərək onlarda çalışan əlilliyi olan şəxslərin sayı barədə məlumat istəmişdir.
Bəzi dövlət orqanları ümumiyyətlə yazılı sorğulara cavab verməmiş və ya müxtəlif bəhabnələrlə sorğunu cavablandırmaqdan imtina etmişdir.
5.2.Qanunverici hakimiyyət olan Milli Məclisə (parlament) ünvanlanan əlilliyi olan işçilərin say və cins tərkibi haqqında  9.10.2023 tarixli yazılı informasiya sorğusuna cavab olaraq Milli Məclis aparatının verdiyi cavabda göstərilir ki, “İnformasiya əldə etmək haqqında”AR-sı Qanunun 38-ci maddəsinə əsasən əldə olunmasına məhdudiyyətlər qoyulan şəxsi həyata dair məlumatlardır” və bu səbəbdən sorğuya cavab verməktən imtina edilir. Halbuki, sorğuda hər hansı fərdi məlumat istənilmirdi. Yalnız qanunverici hakimiyyətin aparatında işləyən əlilliyi olan şəxslərin say və cins tərkibi haqqında rəqəmlərin verilməsi xahiş olunurdu.
Tərəfimizdən aparalan araşdırmalara görə Milli Məclisin aparatında əlilliyi olan şəxslər işə cəlb edilməyib. Həmçinin qanunverici orqan olan Milli Məclisdə hazırda 125 deputat içərisidə hərəkət, görmə və eşitmə məhdudiyyəti olan deputat yoxdur. Milli Məclisin (parlamnetin) inzibati binası, Milli Məclisin iclaslar keçirdiyi (o cümlədən plenar iclas) zalları hərəkət, eşitmə və görmə məhdudiyyəli əlilliyi olan şəxslər üçün uyğunlaşdırlmayıb. İnzibati binanın ərtafında yollar, səkilər, pilləkənlər hərəkət məhdudiyyəli şəxslər üçün uyğun deyil.
5.3.İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) aparatında işləyənlərin iki nəfəri (2%-dən az) əlilliyi olan şəxslərdir. Onlar ümumi xəstəlikdən əlilliyi olanlardır.
5.4.İcra Hakimiyyəti
İcra hakimiyyəti orqanlarında çalışan dövlət qulluqçuları arasında nə qədər əlilliyi olan şəxsin olmasına dair ümumi statistik göstəricilərə dair məlumat əldə etmək mümkün olmamışdır.
Ayrı-ayrı nazirliklərə ünvanlanan sorğulara verilən cavablardan görünür ki, bu nazirliklərdə ya əlilliyi olan şəxslər işə cəlb edilməyib, ya da onların sayı məhduddur. Energetika Nazirliyi – Əlilliyi olan şəxslərin sayı 6 nəfər (bir qadın və beş kişi olmaqla) təşkil edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kənd Təsərrüfatı naziliyindən verilən cavablarda göstərilir ki, onlarda əlilliyi olan şəxslər işləmir.
Səhiyyə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti sorğuya cavab verməyib. Bakı Şəhər İcra Hakimiyyəti belə sorğulara cavab vermədiklərini şifahi şəkildə bildirib.
Dövlət Statistika Komitəsinin verdiyi cavabda yalnız komitənin aparatında çalışan əlilliyi olan şəxslər barədə məlumat verərək bildiriblər ki, onlarda ümumi xəstəlik səbəbindən əlilliyi olan 3 nəfər işləyir.
 Elm və Təhsil nazirliyi sorğuya cavab verməmiş və sorğuçulara məsləhət görümüşdür ki, nazirliyin regional idarələrinə müraciət etsinlər.
Əlilliyi olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi bir neçə aktiv məşğulluq proqramları həyata keçirməkdədir. Nazirliyin nəzdində olan Dövlət Məşğulluq Agetliyi və “DOST” inklüziv Mərkəzinin bu istiqamətdə bir sıra fəaliyyətləri mövbcuddur. Bununla belə
Müşahidələrimizə əsaslanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında və daha bir neçə dövlət qurumlarında əlilliyi olan məhdud sayda əməkdaş var. Onlar əsasən müharibədə əlillik almış veteranlardır. İnzibati binaların heç biri əlilliyi olan şəxslər üçün tam uyğunlaşdırlmamışdır. Hərəkət məhdudiyyəti olan şəxslərin inzibati binalara girişi, bina daxilində üfiqi və vertical hərəkəti üçün müvafiq infrastruktur yaradılmayıb. Giriş hissədə qoyulan panduslar istifadə üçün uyğun deyil. Mexaniki meydançalar olan binaların heç birində bu qurğular işlək vəziyyətdə deyil.
Məhkəmə hakimiyyətində çalışan əlilliyi olan şəxslərə dair məlumat əldə etmək mümkün olmamışdır. Hakimlərin özünüidarə orqanı sayılan Məhkəmə-Hüquq Şurasına göndərilən informasiya sorğusuna verilən cavabda göstərilir ki, “Sizin MHŞ-ya daxil olmuş 29.09.2023-cü il tarixli informasiya sorğunuz “informasiya əldə etmək haqqında “AR-sı Qanununun 19-cu maddəsinə müvafiq olaraq öyrənilmişdir.
Bildiririk ki, sorğulanan informasiyaya malik olmadığımızdan “informasiya əldə etmək haqqında” Qanunun 21.1.2-ci maddəsinə əsasən sorğunun icrasından imtina edilmişdir”. Məhkəmə-Hüquq Şurasının verdiyi cavabdan görünür ki, ümumiyyətlə məhkəmə sistemində belə bir statistika aparılmır. Yeni məhkəmə binalarınının bəzilərində əlilliyi olan şəxslər üçün müəyyssərlik qismən təmin olunsa da, əsasən hərəkət, görmə və eşitmə məhdudiyyəti olan şəxslər üçün müəssrlik təmin olunmayıb. Ali Məhkəmənin binası yeni tikiləməsinə baxmayaraq, binanın ətrafında, binanın pilləklənrində, binanın daxilində üfiqi və vertikal hərəkət üçün müəssərlik təmin olunmayıb. Binada əlilliyi olan şəxslər üçün uyğunladırılmış sanitar qovşaqlar yoxdur. Komitənin tələbinə baxmayaraq Məhkəmə-Hüquq Şurası indiyədək hakimlər üçün “Əlilliyin dərki” mövzusunda təlimlər təşkil etməyib.
“Məşğulluq haqqında” Qanunun[10] Tələbinə görə:
-işçilərinin sayı 25-dən 50-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 3 faizi (bir iş yerindən az olmamaqla) miqdarında; bu halda həmin iş yerlərindən biri əlilliyi olan şəxslər üçün nəzərdə tutulur;
-işçilərinin sayı 50-dən 100-dək olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 4 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2 faizi əlilliyi olan şəxslər üçün nəzərdə tutulmaqla);
-işçilərinin sayı 100-dən çox olan müəssisələrdə işçilərin orta illik siyahı sayının 5 faizi miqdarında (işçilərin orta illik siyahı sayının 2,5 faizi əlilliyi olan şəxslər, üçün nəzərdə tutulmaqla).
Bununla belə qanunla müəyyən edilmiş kvota tələbinə praktikada əməl olunmur. Kvota üzrə işə qəbul olunan əlilliyi olan şəxslərin göstəriciləri minimum həddədir.
Beləliklə, əlilliyi olan şəxslərin nə rəqabətli əmək bazarında təmsil olunması göstəriciləri aşağıdır. Dövlət sektorunda isə bu göstəricilər ümumiyyətlə 1-1,5% həddini keçmir (işçi sayına nisbətdə). Sosial müəssisələr haqqında qanun qəbul olunmayıb və ölkədə hazırda sosial müəssiələr yoxdur.
Əlilliyi olan şəxslərin əmək bazarına çıxışına problem yaradan əsas səbəblər aşağıdakılardır:
•Əlilliyi olan insanların işləməsi üçün iş yerlərində zəruri infrastrukturun zəif olması;
•Əlilliyi olan insanlar əmək fəaliyyəti zamanı üçün nəzərdə tutulan bütün  imtiyazlar və güzəştlər üçün xərclərin işəgötürənlərin üzərinə qoyulması. Bu hal əlilliyi olan şəxslərə münasibətdə gizli ayrı-seçkilik yaradır;
•Alternativ məşğulluq sisteminin təşəkkül tapmaması;
•Əlilliyi olan insanların bir qayda olaraq təhsilə çıxışının məhdud olması;
•Biznesin üzərinə qoyulan vəzifələrin effektivsizliyi;
•Biznesin stimullaşdırılması üçün nəzərdə tutulan güzəştlərin formal xarakter daşıması;
•Biznesin cəmiyyət qarşısında məsuliyyət hissinin (Korporativ sosial məsuliyyət) aşağı olması;
•Əlilliyi olan şəxslərin əmək bazarına çıxışının qanunvericiliklə məhdudlaşdırılması;
•Mobillik imkanları, görmə və eşitmə qabiliyyəti olmayan və ya aşağı olan şəxslərin sərbəst və kənar yardım olmadan hərəkət etmələri (o cümlədən müvafiq ictimai nəqliyyatın olmaması) üçün yaşayış yerlərində hər hansı şəraitin olmaması;
•Əlilliyi olan insanların ətraf sosial mühitlə uyğunlaşmaq problemləri[11]. və s.

6.Əlilliyi olan şəxslərin məlumatlara çıxışı
Eşitmə məhdudiyyəti olan şəxslər üçün rəsmi infaormasiyalara çıxış məhdudiyyəti var. Belə ki, televiziyalarda bəzi istisnalar olmaqla surdotərcümədən istifadə edilmir. Rəsmi və hər kəs üçün vacib olan informasiyaları televiziyadan əldə etmək bu səbədən mümkün deyildir. İşarə dilinin hər hansı bir statusu qanunvericiliklə müəyyən edilməyib.
7.Təhsil,
Əlilliyi olan şəxslərin inklüzüv təhsilə çıxışında, ümumiyyətlə təhsilə çıxışında ciddi problemlər qalmadadır. Bu isə öz növbəsində ayrı-seçkiliyə gətirir. Ən ciddi problemlər aşağıdakılardır.
-Təhsil müəssisələrinin əksəriyyəti, rayon, kənd və qəsəbələrdə isə hamısı əlilliyi olan şəxslər üçün müəyyəsər deyil. Tədris  binalarına gedən yollar, binaların girişi daxilində üfiqi və vertikal hərəkət ağalabatan şəkildə uyğunlaşdırlmayıb;
-Eşitmə məhdudiyyəti olan uşaqlar üçün ixtisaslaşmış məktəblər demək olar ki, yoxdur. Bir neçə məktəb mövcuddur ki, həmin məktəblərdə təhsil düzgün təşkil edilməyib;
-İşarə dilində dərsliklər demək olar ki, yoxdur. Köhnə ədəbiyyat isə tədris üçün yaramır;
-Barayl əlffbası ilə dərsliklər hazırlansa da onlar tam icbari təhsil üçün kifayət deyildir.
-Ev təhsili alan sağlamlıq imkanları məhdud uşaqlara həftədə 3 dəfə, tipik uşaqlara isə ümumtəhsil məktəblərində həftədə 5 dəfə dərs keçilir. Lakin belə uşaqlar həmyaşıdlarından təhsil səviyyəsinə görə fərqlənir. Lakin ali məktəblərə qəbul imtəhanları zamanı imtəhan sualları bütün abutruyentlər üçün eyni olur.  Bu da əlilliyi olan abutruyentlərə qarşı ayrı seçkilikdir, onlar bərabər hüquq və imkanlardan istifadə edə bilmir, bu da onların gələcək təhsilini davam etdirməsində və karyera qurmasında öz mənfi təsirini göstərir.
-Inkluziv təhsil haqqında qanun olsa da Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin saytından götürdüyümüz məlumata əsasən Bakı şəhərində 5, bölgələrdə isə 7 inkluziv təhsil məktəbi  vardır[12]. Əlilliyi olan uşaqların təhsil almasında ayrı-seçkilik olmaması üçün  İnkluziv təhsil müəssisələrinin sayının  artırılmasına, inkluziv təhsil üçün standartlara cavab verən şəraitin yaradılmasına və  təlimləndirilmiş köməkçi müəllimlərin sayının artırılmasına  ehtiyac vardır.  

8.Tövsiyələr
“Ayrı-seçkiliyin qarşısının alınması” Haqqında ayrı bir qanunun qəbul olunması məqəsədəuyundur;
İnklüziv tədris müəssələrinin sayının artırlması zərurəti vardır. Xüsusən regionlarda belə tədris müəssələrinin sayı artırılmalı və həmin tədris müəssisələrininin binaları əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmalıdır;
Ümumi səbədən əlilliyi olan şəxslərin də mənzil, avtomobil alamaları üçün ədalətli növbə sisteminin təmin olunması vacibdir;
Əlilliyi olan şəxslərin açıq (rəqabətli) əmək bazarında rəqabət qabiliyyətinin artırılması və onların əlilliyi olmayanlarla birgə əmək bazarında iştirakına şəraitin yaradılması üçün onların təhsil səviyyəsinin və peşə bacarıqlarının artırılmasına yönələn uzunmüddətli və qısamüddətli təhsil sisteminin formalaşdırılması zəruridir. Bunun üçün mövcud təhsil bazasından istifadə edilə bilər bir şərtlə ki, bu təhsil müəssisələri texniki təchizat və peşəkar müəllim və usta heyəti ilə təmin olunsun. Həmçinin Avropada və digər qabaqcıl təcrübəyə malik olan ölkələrdə tətbiq olunan qısa müddətli və əsasən peşə yönümünün dəyişdirilməsinə yönələn modul tipli təhsil sisteminin tətbiqi məqsədəuyğundur;
-Əlilliyi olan insanların əməyə çıxışına yardım edən vasitələrin istehsalı ilə məşğul olan müəssisələrin yaradılması və belə müəssisələrin hər növ vergilərdən azad edilməsi yolu ilə bu vasitələrə olan qiymətlərin maksimum aşağı salınması üçün dövlət proqramına müvafiq əlavələr edilə bilər;
-Əlilliyi olan insanların açıq (rəqabətli) əmək bazarına çıxışının asanlaşdırılması  istiqamətində fəaliyyətləri genişləndirməklə yanaşı, açıq (rəqabətli) əmək bazarında əməyə çıxış imkanı olmayan əlilliyi olan şəxslər üçün sosial müəssisələrin yaradılması zəruridir. Sosial müəssisələr haqqında hazırda mövcud olan qanun layihəsinin yeni çağırış və təkliflər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədəuyğun olardı;
Müəssisələrdə əlilliyi olan şəxslər üçün tələb olunan infrastrukturun yaradılması və saxlanılması üçün tələb olunan xərclərin ödənilməsi üçün xüsusi fond(lar) yaradılması məqsədəuyğundur;
Əlilliyi olan şəxslərin işə qəbul olunması kvotası dövlət orqanlarına şamil edilmir. Bu fərq aradan qaldırılmalı və əlilliyi olan şəxslərin dövlətin idarə olunmasında iştirakı təmin edilməlidir.
Bunlardan əlavə aşağıda göstərilən tədbirlər və fəaliyyətlər də nəzərdə tutula bilər:   
Əlilliyi olan şəxslər üçün peşə reabilitasiyası imkanlarının genişləndirilməsi və keyfiyyətinin yaxşılaşdırılması;
Kvotanın tətbiq olunması qaydalarının təkmilləş-dirilməsi;
Titlotexniki avadanlıqların (Brayl yazı lövhəsi, Brayl yazı qələmi, böyüdücü lupalar, əl ayarları, dərs ləvazimatları (xətkeş, müxtəlif həndəsi fiqurlar, ölçü cihazları və s.) və informasiya və kommunikasiya sistemi sahəsində münasib yardımçı texnologiyaların hazırlanması, istehsalı və paylanmasının stimullaşdırılması.