Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində nəzərdə tutulan təlimlər uğurla davam edir.
Layihənin əsas məqsədi əlilliyi olan uşaqların valideynlərinin reabilitasiya sahəsində bilik və bacarıqlarını artırmaq, onların gündəlik qulluq və inkişaf prosesində daha səmərəli dəstək göstərmələrinə yardım etməkdir.
Layihə çərçivəsində keçirilən əvvəlki təlimlərdə kineziolentləmə tətbiqləri üzrə nəzəri və praktik məşğələlər tam şəkildə başa çatdırılmışdır. Daha sonra iştirakçılara müvazinətin tənzimlənməsi, postural (bədən duruşunun) vəziyyətinin korreksiyası və bu istiqamətlərdə praktik tətbiqlər öyrədilmişdir. Təlimlər zamanı valideynlər uşaqların fiziki inkişafının dəstəklənməsi, hərəkət imkanlarının artırılması və düzgün reabilitasiya üsullarının tətbiqi ilə bağlı ətraflı məlumat əldə etmişlər. Layihə çərçivəsində keçirilən son təlim isə “Yürüş korreksiyası” mövzusuna həsr olunmuşdur. Təlimçi Aynur Əhmədova tərəfindən uşaqlarda düzgün yerişin formalaşdırılması, yeriş pozuntularının səbəbləri, onların vaxtında aşkarlanması və korreksiya üsulları barədə geniş məlumat verilmiş, praktik nümunələr əsasında mövzu iştirakçılara izah edilmişdir. Təlim zamanı valideynlərin çoxsaylı sualları cavablandırılmış, onlara ev şəraitində tətbiq edə biləcəkləri praktik tövsiyələr təqdim olunmuşdur.
Layihənin başa çatmasına artıq az vaxt qalsa da, valideynlərin təlimlərə marağı gündən-günə artır. Hər yeni məşğələdə iştirakçıların fəallığı, mövzulara olan marağı və praktik biliklərə yiyələnmək istəyi layihənin cəmiyyət üçün nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirir. Qarşıdakı son təlimlərdə mövzuların ümumi təkrarı, praktik qiymətləndirmə aparılacaq, layihəni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim ediləcək.
“Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi gələcəkdə də əlilliyi olan uşaqların sağlamlığının qorunması, onların reabilitasiyası və ailələrinin maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir.
#QHT #QHTAgentliyi #ƏlilliyiOlanUşaqlarınSağlamlığı #ƏlilliyiOlanŞəxslərəSosialDəstək #SosialDəstək #İnklüzivCəmiyyət #Reabilitasiya #Kineziolentləmə #YürüşKorreksiyası #PosturalKorreksiya #MüvazinətinTənzimlənməsi #ValideynMaarifləndirilməsi #UşaqSağlamlığı #FizikiReabilitasiya #İnklüzivlik #SağlamGələcək #Azərbaycan #SosialLayihə #Təlim


