• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu – əməkdaşlıq, birlik və milli-mənəvi dəyərlər ətrafında unudulmaz iki gün
07 noyabr, 14:40
120


5–6 noyabr 2026-cı il tarixlərində Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu zəngin proqramı, maraqlı görüşləri və yaddaqalan tədbirləri ilə davam edib.
Forumun ilk günü idman tədbirlərindən sonra iştirakçılar üçün xüsusi axşam proqramı təşkil olunub. Proqram çərçivəsində Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən layihə əsasında hazırlanmış “Səbahə doğru” filminin təqdimatı keçirilib. Daha sonra ziyafət süfrəsi ətrafında davam edən axşam Gəncə Dövlət Simfonik Orkestrinin möhtəşəm konsert proqramı ilə daha da rəngarəng və yaddaqalan olub. Musiqi, sənət və səmimi ünsiyyət forum iştirakçılarına xoş anlar yaşadıb.
Forumun ikinci günü isə mədəniyyət və incəsənət tədbirləri ilə başlayıb. Səyahət Turizminin İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı və Gilavar Foto Klubunun təqdimatı ilə foto sərgisinin açılış mərasimi keçirilib. Sərgi iştirakçılara Azərbaycanın gözəlliklərini, mədəni irsini və müxtəlif məkanlarını foto sənətinin dili ilə kəşf etmək imkanı yaradıb.
Günün davamında 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Vətən müharibəsinin iştirakçıları, qazilər və şəhid övladları iştirak ediblər. Tədbirin ən təsirli və qürurverici anlarından biri şəhid övladlarının ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi olub. Bu duyğulu ifa zalda xüsusi bir ovqat yaradaraq iştirakçılara Vətən sevgisini, milli birliyi və Zəfərimizin hansı böyük fədakarlıqlar hesabına qazanıldığını bir daha xatırladıb.
Forum çərçivəsində paralel olaraq panel müzakirələri də təşkil olunub. QHT nümayəndələri müxtəlif istiqamətlər üzrə fikir və təcrübələrini bölüşərək vətəndaş cəmiyyətinin inkişafı, təşkilatlararası əməkdaşlığın gücləndirilməsi və gələcək fəaliyyət perspektivləri ətrafında müzakirələr aparıblar.
Rəsmi və müzakirə proqramından sonra forumun bədii hissəsi davam edib. Bu hissədə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə forum iştirakçıları və Azərbaycan QHT-ləri adından müraciət ünvanlanıb. Beləliklə, iki gün davam edən forum yalnız müzakirə və fikir mübadiləsi platforması deyil, həm də milli-mənəvi dəyərlərin, mədəniyyətin, idmanın, incəsənətin və vətəndaş həmrəyliyinin bir araya gəldiyi əlamətdar tədbir kimi yadda qalıb. Forumun proqramı nahar fasiləsindən sonra başa çatıb. İştirakçılar zəngin təəssüratlar, yeni tanışlıqlar və gələcək əməkdaşlıq ümidləri ilə Gəncə şəhərindən Bakıya yola düşüblər.
Azərbaycan QHT-lərinin IV Əməkdaşlıq Forumu bir daha nümayiş etdirdi ki, güclü vətəndaş cəmiyyəti əməkdaşlıqdan, birlikdən, ortaq dəyərlərdən və ümumi məqsədlər naminə bir araya gəlməkdən formalaşır. Gəncədən Bakıya uzanan bu iki gün yeni dostluqlar, möhkəmlənən tərəfdaşlıqlar və gələcək birgə təşəbbüslər üçün gözəl bir başlanğıc oldu.

#QHTAgentliyi #QHTForumu #IVƏməkdaşlıqForumu #Gəncə #ZəfərGünü #BayraqGünü #VətənMüharibəsi #ŞəhidÖvladları #QHT #VətəndaşCəmiyyəti #Əməkdaşlıq


İstinad və foto mənbəyi: Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi saytı