• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Prezident İlham Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.
09 iyun, 11:53
614


Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edib.

Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin növlərinin sayı 13-dən 14-ə qaldırılıb.

- ibtidai ümumtəhsil məktəbi;
- ümumi orta ümumtəhsil məktəbi;
- tam orta ümumtəhsil məktəbi;
- lisey;
- gimnaziya;
- inteqrasiya təlimli ümumtəhsil məktəbi;
- xüsusi ümumtəhsil məktəbi;
- ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;
- internat tipli lisey;
- internat tipli gimnaziya;
- inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;
- internat tipli xüsusi ümumtəhsil məktəbi;
- internat tipli sanator ümumtəhsil məktəbi;
- digər məktəblər.

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı ilə əlaqədar “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna müvafiq dəyişiklik edilib. Hazırda sağlamlıq imkanları məhdud şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi məktəblər və xüsusi internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələrdə, ümumtəhsil internat məktəblərinin xüsusi təhsil bölmələrində tam dövlət təminatındadırsa, dəyişiklikdən sonra sağlamlıq imkanları məhdud şəxslər təhsil aldıqları məktəbəqədər, xüsusi təhsil müəssisələrində, o cümlədən xüsusi ümumtəhsil məktəblərində, internat tipli xüsusi ümumtəhsil məktəblərində, inteqrasiya təlimli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəblərinin xüsusi bölmələrində tam dövlət təminatında olacaq.

Həmçinin təhsil müəssisəsində psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun təhsil almaq üçün lazımi xüsusi şərait varsa, həmin müəssisənin xüsusi siniflərində sağlamlıq imkanları məhdud şəxslər üçün inteqrasiyalı təhsil təşkil edilir.

İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.