• Əlilliyi olan şəxslərə sosial dəstək İB
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib
12 sentyabr, 14:11
59

12 sentyabr 2026-cı il tarixində “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin  Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda İctimai Birliyin 65 üzvü onlayn və oflayn formatda iştirak edib.

Ümumi Yığıncaqda təşkilatın fəaliyyəti, üzvlük məsələləri, idarəetmə strukturlarının formalaşdırılması və gələcək fəaliyyət istiqamətləri ilə bağlı bir sıra mühüm məsələlər müzakirə olunub.

Yığıncağın gündəliyində üzvlərin reyestrinin yenilənməsi, İctimai Birliyin rəhbər orqanlarının yenidən formalaşdırılması, İdarə Heyətinin üzvlərinin, İdarə Heyətinin sədrinin və sədr müavininin seçilməsi, Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrinin seçilməsi, həmçinin təşkilatın Nizamnaməsinə dəyişikliklərin edilməsi məsələləri yer alıb.

Yığıncaq zamanı “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin İdarə Heyətinin sədri Təranə Musayevanın təşkilatın fəaliyyəti ilə bağlı hesabatı dinlənilib. Hesabat ətrafında geniş fikir mübadiləsi aparılıb, iştirakçılar çıxış edərək təşkilatın həyata keçirdiyi fəaliyyət və görülən işlərlə bağlı müsbət fikirlərini bildiriblər.

Çıxışlarda əlilliyi olan şəxslərin və uşaqların hüquqlarının müdafiəsi, onların cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi, sosial iştirak imkanlarının genişləndirilməsi və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində həyata keçirilən fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Yığıncağın sonunda təşkilatın fəaliyyətində fəal iştirak edən üzvlərə, İdarə Heyətinin fəal üzvlərinə və könüllülərə təşəkkürnamələr təqdim olunub. Uzun müddət təşkilatın fəaliyyətində fəal iştirak etmiş İdarə Heyətinin əvvəlki üzvlərindən Nəzakət Əliyevaya xüsusi təşəkkürnamə təqdim edilib. Təşkilat rəhbərliyi Nəzakət Əliyevaya gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı və xoş günlər arzulayıb.

Yığıncağın sonunda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qəbul edilmiş qərarlara əsasən, təşkilatın Nizamnaməsində edilmiş dəyişikliklər və İctimai Birliyin idarəetmə orqanlarının yenidən formalaşdırılması barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müvafiq məlumatların təqdim edilməsi qərara alınıb.

XV Ümumi Yığıncaq təşkilat üzvlərinin fəal iştirakı, qarşılıqlı fikir mübadiləsi və gələcək fəaliyyətə dair mühüm qərarların qəbul edilməsi ilə başa çatıb.