• Əlilliyi olan şəxslərə sosial dəstək İB
"Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin üzvlüyündə olan əlilliyi olan uşaq və gənclər valideynləri ilə birlikdə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə səfər etmişlər
02 avqust, 15:03
262

01 avqust 2026-cı il tarixində "Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin üzvlüyündə olan əlilliyi olan uşaq və gənclər valideynləri ilə birlikdə Qəbələ rayonuna ekskursiya təşkil olunmuş, səfər çərçivəsində Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzi ziyarət edilmişdir.

Qoruğa gələn qonaqları Qəbələ Arxeoloji Mərkəzinin qarşısında Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimov və qoruğun əməkdaşları səmimiyyətlə qarşılamışlar.

İştirakçılar əvvəlcə Qəbələ Arxeoloji Mərkəzinin sərgi salonları ilə tanış olmuşlar. Qoruğun ekskursiyaçıları tərəfindən qonaqlara ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş tarixi, maddi və mədəni irs nümunələri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində mütəmadi olaraq aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilən maddi-mədəniyyət nümunələri Arxeoloji Mərkəzin laboratoriyasında elmi tədqiq və bərpa olunduqdan sonra sərgi salonlarında nümayiş etdirilir.

Ekskursiya zamanı valideynlər və uşaqlar qədim eksponatlarla böyük maraqla tanış olmuş, Azərbaycanın zəngin tarixi və mədəni irsi haqqında yeni biliklər əldə etmişlər. Onlar qədim məişət əşyalarını, əmək alətlərini, saxsı qabları və digər qiymətli eksponatları maraqla izləyərək bələdçilərin verdiyi məlumatları diqqətlə dinləmişlər. Bu tanışlıq uşaqların dünyagörüşünün genişlənməsinə, milli tariximizə və mədəni irsimizə maraqlarının daha da artmasına mühüm töhfə vermişdir.

Daha sonra iştirakçılar Qəbələ Arxeoloji Mərkəzinin akt zalına dəvət olunmuşlar. Qoruğun direktoru Zahir Kərimov tərəfindən Mərkəzin yaranma tarixi, fəaliyyəti və əhəmiyyəti barədə geniş məlumat verilmişdir. Qeyd edilmişdir ki, Qəbələ Arxeoloji Mərkəzi SEBA (Seul–Bakı) Azərbaycan–Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə yaradılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 22 sentyabr 2014-cü il tarixində Qəbələyə səfəri zamanı Mərkəzin rəsmi açılışını etmiş, burada yaradılmış şəraitlə tanış olmuş və bu təşəbbüsü yüksək qiymətləndirmişdir.

Məlumat verilmişdir ki, Arxeoloji Mərkəzdə iki sərgi salonu, bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və digər bölmələr fəaliyyət göstərir. Burada həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun əməkdaşları üçün müasir tələblərə cavab verən iş şəraiti yaradılmış, beynəlxalq elmi konfranslar, seminarlar və müxtəlif mədəni tədbirlər keçirilir.

Direktor çıxışı zamanı əlilliyi olan şəxslərə dövlət tərəfindən göstərilən diqqət və qayğının, onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən də bəhs etmişdir. O, inklüziv cəmiyyətin formalaşdırılmasının, hər kəs üçün bərabər imkanların yaradılmasının və sosial dəstək tədbirlərinin ölkəmizin sosial siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulamışdır. Həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda bütün ziyarətçilər üçün əlçatan və rahat mühitin yaradılmasına xüsusi önəm verildiyini qeyd etmiş, qonaqlara xoş təəssüratlar və uğurlar arzulamışdır.

Toplantı çərçivəsində iştirakçılara ənənəvi olaraq "Qafqaz Albaniyasının paytaxtı – Qəbələ" sənədli filmi nümayiş etdirilmişdir.

Səfərin sonunda xatirə şəkilləri çəkilmiş, "Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyi tərəfindən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun direktoru Zahir Kərimova ekskursiyanın yüksək səviyyədə təşkilinə, göstərilən diqqətə, qayğıya və səmimi qonaqpərvərliyə görə Təşəkkürnamə təqdim olunmuşdur.

Qeyd edək ki, ekskursiyanın əsas məqsədi əlilliyi olan uşaq və gənclərin asudə vaxtının səmərəli təşkili, onların və valideynlərinin maarifləndirilməsi, ölkəmizin zəngin tarixi-mədəni irsi barədə məlumatlarının artırılması, eyni zamanda inklüzivliyin, sosial inteqrasiyanın və cəmiyyət həyatında fəal iştirakın təşviq edilməsi olmuşdur.

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu və Qəbələ Arxeoloji Mərkəzinə təşkil olunan bu səfər iştirakçılar üçün həm maarifləndirici, həm də yaddaqalan olmuşdur. Uşaqlar və valideynlər qədim tariximizlə yaxından tanış olmaqdan böyük məmnunluq duyduqlarını bildirmiş, səfərin onlarda unudulmaz təəssüratlar yaratdığını qeyd etmişlər.
#ƏlilliyiOlanŞəxslərəSosialDəstək #ƏlilliyiOlanŞəxslər #İnklüzivlik #Sosialİnteqrasiya #Qəbələ #QəbələDövlətTarixBədiiQoruğu #QəbələArxeolojiMərkəzi #Tarixiİrs #Mədəniİrs #Ekskursiya #Maarifləndirmə #ƏlilliyiOlanUşaqlar #ValideynDəstəyi #BirlikdəGüclüyük #Azərbaycan #TariximiziTanıyaq #MədəniyyətimiziQoruyaq #AccessibleTourism #InclusiveSociety #SocialSupport