• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Əlilliyi olan uşaq və gənclər üçün inklüziv yay düşərgəsi təşkil olunub
10 sentyabr, 12:25
1

3–8 sentyabr 2026-cı il tarixlərində “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyinin üzvləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təşkil olunan “Uşaq və gənclərin yay düşərgəsi”ndə iştirak ediblər.
Altı gün davam edən düşərgə əlilliyi olan uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların sosiallaşması, yeni dostluqlar qazanması və inklüziv cəmiyyətə inteqrasiyası baxımından böyük əhəmiyyət daşıyıb.

Düşərgə müddətində uşaqlar üçün müxtəlif maraqlı, əyləncəli və inkişafetdirici fəaliyyətlər təşkil olunub. Onlar art terapiyasında iştirak edib, şahmat oynayıb, rəqs edib, müxtəlif komanda oyunlarına qoşulub, yaradıcı fəaliyyətlərdə iştirak edərək birlikdə maraqlı və yaddaqalan vaxt keçiriblər. Uşaqlar hovuzdan da istifadə edərək isti yay günlərinin sevincini yaşayıblar.

Düşərgənin əsas məqsədlərindən biri isə inklüziv mühitin yaradılması olub. Uşaqlar bir-biri ilə ünsiyyət qurub, birlikdə oyun oynayıb, rəqs edib, əylənib və dostluq münasibətləri qurublar. Könüllülərimizin fəal iştirakı və uşaqlara göstərdikləri səmimi münasibət düşərgənin daha rəngarəng və yaddaqalan keçməsinə mühüm töhfə verib.

Düşərgə çərçivəsində “Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi tərəfindən fəal valideynlərə, təlimçilərə,  həmçinin Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərinə və işçi heyətinə xüsusi təşəkkürnamələr təqdim olunub. Təşəkkürnamələr onların uşaqların düşərgə həyatında fəal iştirakına, tədbirlərin təşkilinə, göstərdikləri diqqət və qayğıya, eləcə də inklüziv mühitin formalaşmasına verdikləri töhfəyə görə təqdim edilib.

Bu düşərgə bir daha göstərdi ki, inklüzivlik yalnız fərqli imkanlara malik insanların eyni məkanda olması deyil, onların birlikdə gülməsi, oynaması, öyrənməsi, dostlaşması və özlərini cəmiyyətin bərabərhüquqlu üzvü kimi hiss etməsidir.

“Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi olaraq, hər il əlilliyi olan uşaq və gənclər üçün bir həftə ərzində yer ayıraraq onların istirahətinə və sosiallaşmasına dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Fərid Qayıbova dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildiririk.

Eyni zamanda, düşərgənin yüksək səviyyədə təşkilinə və keçirilməsinə göstərdikləri diqqət və qayğıya görə Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzinin rəhbərliyinə, bütün işçi heyətinə, təlimçilərə, valideynlərə və könüllülərimizə təşəkkürümüzü çatdırırıq.

Uşaqların üzündəki təbəssüm, qazandıqları yeni dostluqlar və yaşadıqları xoş anlar bu düşərgənin ən böyük uğurudur.

 

#ƏlilliyiOlanŞəxslərəSosialDəstək #İnklüzivCəmiyyət #İnklüzivlik #UşaqVəGənclər #YayDüşərgəsi #Bərabərİmkanlar
#ƏlçatanMühit #Sosialİnteqrasiya #İnklüzivGələcək #UşaqlarınSevinci #GənclərVəİdman #BirlikdəDahaGüclüyük