Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Youth Inc. Sahibkarlıq Proqramı çərçivəsində 25-30 avqust 2022-ci l tarixlərində Oğuz Olimpiya Mərkəzində Gənclərin Yay Düşərgəsi keçirilmişdir. Düşərgədə "Əlilliyi olan şəxslərə Sosial Dəstək" ictimai birliyindən 5 nəfər iştirak etmişdir. Gənclər düşərgəsi inkluziv şəkildə keçmiş, gənc əlilliyi olan qızlar özlərinə yeni dostlar qazanmışlar. Düşərgənin 3-cü günündə təşkilatçı və iştirakçıların xahişi ilə eşitmə və nitq məhdudiyyətli qızlar iştirakçılara jest dilində gündəlik istifadə olunan sözləri ifadə edəcək jestləri göstərən təlim keçmişlər. Düşərgənin sonunda Şəki şəhərinə ekskursiya təşkil olunmuş, gənclər Şəki xan sarayı və digər görməli yerləri gəzmişlər. Bağlanış mərasimində qalib komandalar mükafatlandırılmış, iştirakçılara sertifikatlar, qaliblərə kuboklar, fərqlənənlərə isə hədiyyələr verilmişdir. Birliyin üzvləri düşərgədən məmnun olduqlarını və düşərgənin bitməsinə təəssüfləndiklərini bildirmişlər. Yola salma mərasimində Birliyin üzvləri 1-6 sentyabr 2022-ci il tarixində Mingəçevir şəhərində təşkil olunacaq gənclərin "Karyera düşərgəsi"nə dəvət almışlar.