• Əlilliyi olan şəxslərə sosial dəstək İB
20 Yanvar faciəsi canlı şahidi Nazim Ələkbərovu Allah saxladı
17 yanvar, 22:02
165

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır.
17 yanvar 2023-cü il tarixdə Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə  20 yanvar  hadisəsinin canlı şahidi olmuş Nazim Ələkbərovun öz yaşadığı evin damında yaratdığı muzeyində olduq. Nazim Ələkbərov 20 yanvar tarixində məhəllədə yaşayan 13 yaşlı şəhid  İlqar İbrahimov və digər 2  uşaqla öz maşını ilə odun gətirməkdən gəlirdi və bütün hadisələr də bu zaman baş verdi.  Nazim müəllim bütün hadisələri ardıcıllıqla danışır, həyəcanlanır, sanki bu hadisələr yaxın günlərdə olmuş kimi  aramla izah edirdi. Nazim müəllim o günü bir daha düzgün başa salmaq üçün üstündən BTR keçmiş, güllələnmiş maşının sükanı arxasına keçdi. N.Ələkbərov 20 yanvar hadisəsindən sonra  bu hadisənin  səbəbkarlarına qarşı mücadilə aparır. Bu hadisələri gələcək nəsillərə doğru-dürüst çatdırmaq üçün yaşadığı evin damında  muzey yaratmağı qərara alıb.  Biz Nazim müəllimi dinlədikcə Allahın bu adamı qoruduğunu, ona dayaq olduğunun şahidi olduq.  N.Ələkbərovun muzeyi ilə tanışlığın sonunda Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov  N.Ələkbərova öz minnətdarlığını bildirərək Ulu öndər Heydər Əliyevə həsr olunmuş kitablar hədiyyə etdi.
https://www.youtube.com/watch?v=pU-he9EccYg