Fevralın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Türk Dünyası Qadın Platforması (TÜRKAP) ilə birgə “Əngəlsiz karyera” sərgisi təşkil edib.
AZƏRTAC xəbər verir ki, sərginin təşkilində məqsəd əlilliyi olan gənclərin işlə təmin olunmasına və cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.
“Berqa” çayı və “Coffee'NJoy” markasının baş sponsorluğu ilə keçirilən sərgidə 20-yə yaxın şirkət və 70-ə yaxın gənc iştirak edib. “ASAN xidmət”, “Yelo Bank” ASC, “Zəfəroğlu inşaat” şirkəti, United Payment Azerbaijan, “Medi-Art” Psixi Sağlamlıq Mərkəzi, “Caspian Events Group” şirkəti və digər qurumların vakansiyaları, təcrübə proqramları ilə maraqlanan gənclər CV-lərini yerində təqdim etmək, habelə şirkət təmsilçiləri ilə iş perspektivlərini müzakirə etmək imkanı qazanıblar. Şəbəkə görüşü kontekstində təşkil edilən “Əngəlsiz karyera” sərgisində əlilliyi olan gənclərin çalışması üçün mövcud iş bazarında daha çox hansı bacarıqların zəruri olduğundan bəhs edilib.
Sosial Xidmətlər Agentliyini İdarə Heyətinin sədr müavini Faiq Ağayev, Milli Məclisin deputatı Nigar Arpadarai, TÜRKAP-ın təsisçisi İlhamə Novruzova, “AysMed” klinikasının icraçı direktoru Firuzə Cəlilova, Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva, layihənin koordinatoru Sayqa Cahid və başqaları gənclərin işlə təminatı barədə fikirlərini ifadə ediblər.
Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzinin qazilərdən ibarət yetirmələrinin və əlilliyi olan bir qrup gəncin əl işlərindən ibarət sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.