• Əlilliyi olan şəxslərə sosial dəstək İB
 Yasamal Rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə görüşdü
10 fevral, 19:49
1075


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları dinləyib. Səyyar qəbul rayondakı Azərbaycan Dövlət Pedaqoji Kollecinin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qəbulun əvvəlində Türkiyədəki zəlzələ zamanı həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verdi.Bildirildi ki, 2022-ci il ərzində Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb.
Daha sonra söz alan vətəndaşlar küçələrin asfaltlanması, gözdən əlil şəxslərin mənzil təminatı, məşğulluq, sığınacaqla təmin edilmə, Vətən Müharibəsi qazilərinin işlə təmini və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi. Bir sıra məsələlər İcra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.
Səyyar qəbuldan dərhal sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin rəhbərliyinin dəvəti ilə qurumun ofisində oldu və təşkilatın fəaliyyəti ilə tanış oldu. Birliyinin fəaliyyəti üçün tələb olunan şərtlər barədə fikir mübadiləsi aparıldı.