Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” mövzusunda Bakı şəhərində ilk konfransı keçiriləcək
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iyul ayında nazirlər səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi təşəbbüs çərçivəsində 20-21 noyabr 2023-cü il tarixlərində Bakı şəhərində Hərəkatın “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” mövzusunda ilk yüksək səviyyəli konfransı keçiriləcək.
Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, Hərəkatın növbəti sədrləri olacaq Uqanda və Özbəkistan Respublikaları ilə birgə təşkil edilir.
Konfrans əsnasında Qoşulmama Hərəkatı çərçivəsində qadın hüquqlarının irəlilədilməsi, qadınların səlahiyyətləndirilməsi, habelə onların dayanıqlı inkişaf, iqtisadi artım, sülh və təhlükəsizlik məsələləri və digər sahələrdəki önəmli rolu kimi mövzular ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbirdə Qoşulmama Hərəkatının üzv dövlətləri, Hərəkat yanında müşahidəçi statusuna malik dövlətlər, beynəlxalq təşkilatlar və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların yüksək vəzifəli rəsmiləri daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyətinin iştirakı nəzərdə tutulur.
#NAMWomenConference
#NAMWomen2023
#NAMWomenEmpowerment
#NAMBakuConference2023
#NAMChairAZ2023
Mənbə: https://www.facebook.com/photo/?fbid=748214570674871&set=a.291555479674118