'İlk tibbi Yardım' layihəsinin təlimləri başa çatmışdır
29 oktyabr, 19:53
119
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İlk tibbi yardım” layihəsinin təlimlərinin icrasını başa çatdırmışdır. Layihə 01 avqust - 31 oktyabr 2024-cü il tarixlərini əhatə etmişdir. Layihədə əlilliyi olan 16 uşağın anası iştirak edərək tibbi sahədə mariflənmiş, ailə üzvlərinə və əlilliyi olan övladına tibbi xidmət göstərmək bacarığına yiyələnmişdir. Layihə həm nəzəri, həm təcrübi olaraq icra olunmuş, iştirakçılara tərtib olunmuş proqramdan əlavə, proqramda nəzərdə tutulmayan sarğılar öyrədilmiş, qulağa həşərat daxil olduqda onun çıxarılması yolları izah olunmuşdur. Layihənin sonunda anaların bilik və bacarıqları sual-cavab və təcrübi olaraq yoxlanaraq qiymətləndirilmişdir. Çətinlik çəkən iştirakçılara sistemin qoşulması, vazofiksin qoyulması və əzələ daxili inyeksiyalar təlimçi tərəfindən təkrar izah olunmuşdur. Layihə boyunca təlim materialları iştirakçılara təqdim olunmuş, hər bir təlim lentə köçürülərək YooTube kanalında yerləşdirilmişdir. Bu da iştirakçılar çətinlik çəkdikləri mövzuları təkrar baxaraq yada salmalarına şərait yaradacaqdır. Layihə müddətində 15-ci və 30-cu günlər layihənin qiymətləndirilməsi aparılmışdır. İştirakçılar layihə haqqında müsbət fikirlərini bildirmişlər. Onlar tibbi maarifləndirici layihələrin əlilliyi olan uşaqların analarına və onların övladlarının həm sağlamlığına, həm də reabilitasiyasına müsbət təsir göstərdiyini vurğulamışlar. Sonda layihənin təqdimat mərasimi təşkil olunmuş, iştirakçılara sertifikatlar, layihənin icrasına dəstək olan “SENİ” Şirkətinə və digər şəxslərə təşəkkürnamələr təqdim olunmuşdur.