“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, “Əlilliyi olan şəxslərin Təşkilatları İttifaqı”nın, “Autizmli uşaqların ailələrinə dəstək” ictimai birliyinin və “Ülkər Psixologiya Departamentinin” dəstəyi ilə 04 aprel 2025-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “2 aprel – Ümumdünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş “Rəngli Dünyalar: Autizm və Sevgi” adlı tədbir təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi autizmli uşaqların ailələrinin qarşılaşdığı problemləri, ailələrin autizm ilə apardığı mübarizəni və autizmli uşaqların ailələrinin uşaqlarının inkişafına göstərdiyi diqqət və qayğını ortaya qoymaq, həmçinin uşaqları cəmiyyətə necə qazandırma yolları haqqında məlumat vermək olmuşdur.
Tədbirdə autizmli uşaqların ifasında bədii hissə təqdim olunmuş, uşaqların ifasında mahnılar, ana-bala rəqsi, ana və balanın dueti, Vals, musiqi alətində ifa, intellektual söz yarışması və digər fəaliyyətlər yer almışdır. Eyni zamanda, autizmli uşaqların əl işlərindən ibarət satış-sərgi təşkil olunmuşdur.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyəti başçısının Humanitar İşlər üzrə müavini Təravət Muradova və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Sədaqət Əliyeva çıxış edərək ürək sözlərini bildirmişlər. Azərbaycan Respublikasının tanınmış müğənnisi Elnarə Xəlilova "Mən elə sizəm" mahnısını ifa etmiş, müxtəlif QHT rəhbərləri, psixoloqlar, defektoloqlar və mütəxəssislər iştirak etmişlər.
Tədbirin sonunda dəvət olunan qonaqlar çıxış etmiş və təşkilatçılara uğurlar diləmişlər. Sonda, Təravət Muradova, Yasamal rayon İcra Hakimiyyəti adından iştirakçı uşaqlara həvəsləndirici hədiyyələr vermiş, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Yaradıcılıq Cəmiyyətinin təşkilatçılığı ilə şirniyyatlar təqdim edilmiş, "SENİ" Şirkəti tərəfindən autizmli uşaqların analarına xüsusi hədiyyələr verilmiş, iştirakçı analara "Fədakar ana" diplomları, autizmli uşaqlara isə Təşəkkürnamələr təqdim olunmuşdur.