02 iyul, 12:34
104
“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 02 iyul 2025-ci il tarixindən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə Qəbələ rayonunun "Duruca kəndində turizmin inkişafına dəstək" layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi Duruca kəndinin turizm potensialını artıraraq yerli əhalinin iqtisadi rifahını yaxşılaşdırmaqdır. Layihə müddətində yerli sakinlərin və turistlərin toplaşması üçün mərkəz olaraq mövcud söhbətgahın yenilənməsi, ətrafının abadlaşdırılması, ictimai iaşə müəssisələrində çalışan işçilərə, öz evlərini qonaq evi kimi təqdim etmək istəyən sakinlərə “turizm və otelçilik, bələdçilik, xidmət, qonaqlama” sahələrində təlimlərin təşkili və ailə başçısını itirmiş, şəhid ailələri, əlilliyi olan və ya sosial dəstəyə ehtiyacı olan insanlara əl işləri hazırlamağı öyrətmək nəzərdə tutulmuşdur.
Layihə 4 ay müddətində həyata keçiriləcək və layihənin sonunda əl işi hazırlayan sənətkarların imkanlarını artırmaq məqsədilə hazırlanmış məhsullarının tanıdılması üçün satış-sərgisi təşkil olunacaq.
Layihə müddətində sosial mediada tanıtım məqsədilə layihə haqqında məlumatların paylaşılması, bu vasitə ilə daha geniş auditoriyaya çataraq kəndin turizm imkanlarını tanıtmaq nəzərdə tutulub.
Layihə 31 oktyabr 2025-ci il tarixinədək davam edəcək.