“Əlilliyi olan Şəxslərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsinin təlimlərinə 20 may 2026-cı il tarixindən start verib.
Layihənin icrasına 01 may 2026-cı il tarixində başlanılıb və onun həyata keçirilməsi 31 iyul 2026-cı il tarixinədək davam edəcək. Təlim proqramı çərçivəsində 20 may–20 iyul 2026-cı il tarixləri arasında ümumilikdə 16 təlimin keçirilməsi nəzərdə tutulub.
Layihənin əsas məqsədi əlilliyi olan uşaqların analarına və valideynlərinə praktiki bilik və bacarıqlar qazandırmaq, onların uşaqlarına daha effektiv dəstək və müalicə üsullarını tətbiq etmələrinə kömək göstərməkdir. Təlimlər çərçivəsində iştirakçılara kineziolentləmə, müvazinətin tənzimlənməsi, postural vəziyyətin tənzimlənməsi, yürüş korreksiyası və digər istiqamətlər üzrə məlumatlar və praktik bacarıqlar təqdim olunacaq.
Layihənin ilk təliminə 12 valideyn qatılıb. Təlim iştirakçıların fəal iştirakı ilə keçib, mövzu ətrafında geniş müzakirələr aparılıb və tədbir valideynlər tərəfindən böyük maraqla qarşılanıb.
Layihə çərçivəsində keçiriləcək növbəti təlimlərin də valideynlərin bilik və bacarıqlarının artırılmasına, həmçinin əlilliyi olan uşaqların sağlamlığının qorunmasına mühüm töhfə verəcəyi gözlənilir.
#ƏlilliyiOlanUşaqlar #UşaqSağlamlığı #SosialDəstək #QHT #QHTAgentliyi #Reabilitasiya #ValideynTəlimləri #Azərbaycan #İnklüzivCəmiyyət #SosialLayihə



