“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi 24 yanvar 2026-cı il tarixindən etibarən “Mən varam” adlı təlim proqramının icrasına başlayıb.
Layihə çərçivəsində əlilliyi olan 20 gənc üçün “Mən kiməm?” – özünü tanıma və etiketlərdən azad olma, eləcə də “Mənim məqsədlərim – mənim həyatım” mövzularında təlimlərin keçirilməsi planlaşdırılıb. Təlimlərin əsas məqsədi iştirakçıların özünüdərk bacarıqlarını inkişaf etdirmək, şəxsi məqsədlərini müəyyənləşdirmələrinə və həyatlarını daha şüurlu şəkildə planlaşdırmalarına dəstək olmaqdır.
Təlimlər zamanı sağlam ünsiyyət, özünü düzgün və açıq ifadə etmə mövzularına xüsusi diqqət yetirilir. Ünsiyyətdə yaranan problemlərin əsas səbəbləri kimi ehtiyacların açıq şəkildə ifadə edilməməsi, incikliklərin daxildə saxlanılması və emosional partlayışlar müzakirə olunur.
Təlimçilərlə birgə gənclər mövzuya uyğun maraqlı və interaktiv tapşırıqlarda fəal iştirak edirlər. Həyata keçirilən bu tapşırıqlar iştirakçıların mövzunu daha dərindən qavramasına, eləcə də praktiki bacarıqlarını inkişaf etdirməsinə şərait yaradır.
“Mən varam” təlim proqramı əlilliyi olan gənclərin cəmiyyətə daha fəal inteqrasiyasına, özünəinamlarının güclənməsinə və sosial bacarıqlarının artırılmasına töhfə verməyi hədəfləyir.
#Sosial
#SosialDəstək
#İnteqrasiya




