01 iyun 2026-cı il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti – 3-cü təlim uğurla baş tutdu.
Təlimin açılışında Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri və layihə rəhbəri Təranə Musayeva iştirakçıları salamlayaraq layihənin məqsəd və vəzifələri haqqında məlumat verdi. O, layihənin əlilliyi olan uşaqların və gənclərin sağlamlığının qorunması, onların reabilitasiya imkanlarının artırılması və maarifləndirmə işinin gücləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.
Daha sonra həkim-fizioterapevt, refleksoterapevt Aynur Əhmədova tərəfindən “Hərəkət-dayaq sisteminin diaqnostikası” mövzusunda təlim keçirildi. Təlimçi qeyd etdi ki, hər hansı patologiyanın aradan qaldırılması üçün ilk növbədə pasiyentin vəziyyəti düzgün qiymətləndirilməli, problemli nahiyələr müəyyən edilməli və fərdi yanaşma tətbiq olunmalıdır.
Təlim zamanı hərəkət-dayaq sisteminin müayinəsi, funksional qiymətləndirmə üsulları, əzələ və oynaq problemlərinin aşkarlanması yolları haqqında ətraflı məlumat verildi. Mövzunun daha yaxşı mənimsənilməsi üçün praktik nümunələr üzərində izahatlar aparıldı.
Təlimdə iştirak edən əlilliyi olan gənclər Əliyev Ramiz və Şərifzadə Ləmanın üzərində diaqnostik qiymətləndirmə üsulları nümayiş etdirilərək iştirakçılara əyani məlumat verildi. Praktik hissə iştirakçılar tərəfindən böyük maraqla qarşılandı və mövzu ətrafında geniş müzakirələr aparıldı.
Layihə çərçivəsində keçirilən təlimlər iştirakçıların bilik və bacarıqlarının artırılmasına, sağlamlığın qorunması sahəsində maariflənmələrinə mühüm töhfə verməyə davam edir.
#ƏlilliyiOlanUşaqlarınSağlamlığınınQorunması #ƏlilliyiOlanŞəxslərəSosialDəstəkİB #QHTAgentliyi #QHT #SosialDəstək #Sağlamlıq #Reabilitasiya #Fizioterapiya #Refleksoterapiya #HərəkətDayaqSistemi #Diaqnostika #Maarifləndirmə #İnklüzivCəmiyyət #ƏlilliyiOlanGənclər #TəranəMusayeva #AynurƏhmədova #Layihə #Təlim #AzərbaycanQHTləri





