25 may 2026-cı il tarixində Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Əlilliyi olan uşaqların sağlamlığının qorunması” layihəsi çərçivəsində növbəti təlim təşkil olunub. Təlim “Kineziolentləmənin müalicəvi və profilaktik əhəmiyyəti” mövzusuna həsr edilib.
Təlimdə əlilliyi olan övladlara qulluq edən 12 ana iştirak edib. Tədbirin əsas məqsədi iştirakçı anaların kineziolentləmə üsulu haqqında bilik və bacarıqlarını artırmaq, bu metodun gündəlik reabilitasiya prosesində tətbiq imkanları barədə onları məlumatlandırmaq olub.
Tədbiri giriş sözü ilə Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Təranə Musayeva açaraq iştirakçıları salamlayıb və layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi əlilliyi olan şəxslərin, xüsusilə uşaq və gənclərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına dəstək olmaq, valideynləri müasir reabilitasiya üsulları ilə tanış etmək və onların praktiki bacarıqlarını artırmaqdır.
Təranə Musayeva çıxışında vurğulayıb ki, bu cür maarifləndirici tədbirlər valideynlərin övladlarına ev şəraitində daha düzgün və effektiv dəstək göstərməsinə şərait yaradır. O, həmçinin kineziolentləmənin son illərdə reabilitasiya sahəsində geniş tətbiq olunan yardımçı metodlardan biri olduğunu diqqətə çatdırıb.
Daha sonra təlimçi Aynur Əhmədova “Kineziolentləmənin müalicəvi və profilaktik əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Təlim zamanı iştirakçılara kineziolentləmənin mahiyyəti, tətbiq sahələri və insan orqanizminə təsiri barədə geniş məlumat verilib. Bildirilib ki, bu üsul əzələ və oynaq funksiyalarının dəstəklənməsi, ağrıların azaldılması, qan dövranının və limfa axınının yaxşılaşdırılması, eləcə də əzələ gərginliyinin tənzimlənməsi məqsədilə istifadə olunur.
Təlimçi xüsusilə serebral iflicli uşaqlarda əzələ tonusunun pozulması və hərəkət məhdudiyyətləri zamanı kineziolentlərin düzgün tətbiqinin müsbət nəticələr verdiyini qeyd edib. İnteraktiv formada keçən təlim zamanı iştirakçılar mövzu ilə bağlı çoxsaylı suallar ünvanlayıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Praktiki hissədə əlilliyi olan gənclərdən birinin üzərində əzələlərin vəziyyəti qiymətləndirilib, gərginlik səviyyəsi yoxlanılıb və müşahidə olunan vəziyyətə uyğun olaraq kineziolentlərin tətbiq üsulları əyani şəkildə nümayiş etdirilib. Analar prosesi yaxından izləyərək tətbiq qaydaları ilə tanış olub, həmçinin müəyyən praktik tapşırıqları yerinə yetiriblər.
Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Analar əldə etdikləri nəzəri və praktiki biliklərin övladlarının reabilitasiya prosesində faydalı olacağını bildirərək belə təlimlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Layihə çərçivəsində növbəti təlim və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
#QHT #QHTAgentliyi #NGO #NGOAgency #VətəndaşCəmiyyəti #SosialDəstək #Reabilitasiya #Kineziolentləmə #KinesioTaping #UşaqSağlamlığı #ƏlilliyiOlanŞəxslərəSosialDəstəkİB #ƏlilliyiOlanUşaqlarınSağlamlığınınQorunması



