• Əlilliyi olan şəxslərə sosial dəstək İB
DOST mərkəzlərində pensiyaçılar üçün “mygov” qeydiyyatına dəstək göstərilir
22 iyun, 17:33
130

Pensiya və sosial ödəniş alan vətəndaşların xüsusi endirim barkodundan daha
rahat yararlanmaları məqsədilə DOST mərkəzlərində onlara dəstək göstərilir.
Belə ki, bəzi vətəndaşların “mygov” tətbiqində qeydiyyatdan keçməkdə çətinlik
çəkməsini nəzərə alaraq, DOST könüllüləri pensiya və sosial ödəniş alan
şəxslərə tətbiqin quraşdırılması, qeydiyyatın tamamlanması və endirim
barkodunun aktivləşdirilməsi prosesində kömək edirlər.
Qeyd edək ki, “mygov” tətbiqində təqdim olunan xüsusi endirim barkodu
vasitəsilə yaşa, əlilliyə, ailə başçısını itirməyə görə pensiya, müavinət,
kompensasiya və ünvanlı dövlət sosial yardımı alan vətəndaşlar, qazilər,
müharibə veteranları və şəhid ailə üzvləri ölkə üzrə müxtəlif tərəfdaş
marketlər, apteklər və klinikalarda endirimlərdən yararlana bilirlər.
Layihənin əsas məqsədi sosial ödəniş alan vətəndaşların bu imkandan daha
geniş şəkildə istifadə etməsinə şərait yaratmaqdır. Məhz bu səbəbdən DOST
mərkəzlərində göstərilən dəstək xidmətləri vətəndaşların endirim barkodunu
əldə etməsinə və ondan istifadə etməsinə yönəlib.
Sosial ödəniş alan vətəndaşlar onlara ən yaxın DOST mərkəzinə müraciət
edərək “mygov” tətbiqində qeydiyyatdan keçə, endirim barkodunu aktivləşdirə
və tərəfdaş müəssisələrdə təqdim olunan güzəştlərdən faydalana bilərlər.
Qeydiyyat üçün vətəndaşın mobil telefon və şəxsiyyət vəsiqəsini təqdim etməsi
kifayətdir.
Ətraflı məlumat üçün 010 712 73 12 nömrəsi ilə əlaqə saxlamaq mümkündür.