• Əlilliyi olan şəxslərə sosial dəstək İB
Əlilliyi olan uşaqların anaları üçün psixoloji dəstək seminarı keçirilib
18 iyul, 16:57
81

18 iyul 2026-cı il tarixində "Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Milli QHT Forumunun dəstəyi ilə Azərbaycan Milli QHT Forumunda   əlilliyi olan uşaqların anaları üçün psixoloji dəstək seminarı təşkil edib.
Tədbiri giriş sözü ilə açan "Əlilliyi olan Şəxslərə Sosial Dəstək" İctimai Birliyinin sədri Təranə Musayeva iştirakçıları səmimi salamlayaraq onlara xoş ovqat və məhsuldar görüş arzulayıb. O, seminarın əhəmiyyətindən bəhs edərək, anaların psixoloji sağlamlığının qorunmasının sağlam ailə mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Daha sonra Təranə Musayeva tədbirə dəvət olunmuş mütəxəssisləri iştirakçılara təqdim edib.
Seminar "Sağlam valideyn, sağlam övlad deməkdir, sağlam ailə deməkdir!" şüarı altında keçirilib.
Tədbirin əsas məqsədi əlilliyi olan uşaqları böyüdən anaların psixoloji vəziyyətinin möhkəmləndirilməsinə dəstək göstərmək, onların gündəlik həyatda qarşılaşdıqları çətinliklərin aradan qaldırılması istiqamətində faydalı tövsiyələr vermək, eləcə də mütəxəssislərlə səmimi və interaktiv ünsiyyət mühiti yaratmaq olub.Seminarda “Ahəng Psixologiya Mərkəzinin” rəhbəri, psixoloq Vüsalə Əmiraslanova valideynlərlə səmimi görüş keçirib. Görüş zamanı anaları maraqlandıran suallar interaktiv formatda cavablandırılıb, psixoloji sağlamlığın qorunması, emosional gərginliyin idarə olunması, ailədaxili münasibətlərin sağlam qurulması və valideynlərin özünəpsixoloji qayğısının əhəmiyyəti barədə ətraflı fikir mübadiləsi aparılıb. Daha sonra Ahəng Psixologiya Mərkəzinin loqopedi Aytən Məmmədova nitq inkişafı, loqopedik dəstəyin əhəmiyyəti və uşaqlarla düzgün ünsiyyətin qurulması mövzusunda maraqlı təqdimatla çıxış edib. O, valideynləri maraqlandıran sualları cavablandırıb, gündəlik həyatda tətbiq oluna biləcək praktik tövsiyələrini onların diqqətinə çatdırıb.
Seminar iştirakçıların fəal iştirakı, qarşılıqlı fikir mübadiləsi və səmimi müzakirələrlə yadda qalıb. Valideynlər belə maarifləndirici və dəstək xarakterli görüşlərin onların psixoloji dayanıqlığının gücləndirilməsi, yeni bilik və bacarıqlar əldə etmələri baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib, iştirakçılar təşkilatçılara və mütəxəssislərə təşəkkürlərini ifadə edərək, bu cür maarifləndirici seminarların mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

#ƏlilliyiOlanŞəxslərəSosialDəstək #AzərbaycanMilliQHTForumu #PsixolojiDəstək #SağlamValideynSağlamÖvlad #SağlamAilə #ƏlilliyiOlanUşaqlar #ValideynDəstəyi #Psixologiya #Loqopediya #AhəngPsixologiyaMərkəzi #İctimaiBirlik #SosialDəstək #Maarifləndirmə #İnklüzivCəmiyyət #BirlikdəGüclüyük #Azərbaycan