Türkiyədə fəaliyyət göstərən “Engelli Eğitim Kültür Sağlık Spor Vakfı” tərəfindən həyata keçirilən “Engelsiz Gülümse” və “Engelsiz Hayat” layihələri çərçivəsində Azərbaycanla uğurlu əməkdaşlıq davam etdirilir. Layihə Avropa Birliyi tərəfindən maliyyələşdirilir və məqsədi əlilliyi olan şəxslərin sosial inteqrasiyasını gücləndirmək, onların həyat keyfiyyətini artırmaq və beynəlxalq əməkdaşlığı inkişaf etdirməkdir.
Bu əməkdaşlıq çərçivəsində “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi ilə birgə olaraq hər ay Azərbaycandan bir qrup gənc və onlara baxan valideynlər Türkiyənin Ankara və Antalya şəhərlərində bir aylıq təlim proqramlarında iştirak edirlər. Proqram müddətində iştirakçılar müxtəlif sahələr üzrə yeni bilik və bacarıqlar əldə edir, fərqli sosial fəaliyyətlərdə təcrübə qazanır, eləcə də Türkiyənin tarixi, mədəni irsi və milli dəyərləri ilə yaxından tanış olurlar.
Layihə həm sosial, həm də mədəni baxımdan böyük əhəmiyyət daşıyır. İştirakçılar burada qazandıqları bilikləri ölkələrinə qayıtdıqdan sonra tətbiq etməklə cəmiyyətə inteqrasiyalarını daha da möhkəmləndirirlər. Bu proqramlar onların özünə inamını artırır, sosial bacarıqlarını inkişaf etdirir və yeni dostluq əlaqələrinin qurulmasına şərait yaradır.
Bu çərçivədə, “Engelli Eğitim Kültür Sağlık Spor Vakfı” və “Antalya Azerbaycan Kültür ve Dayanışma Derneği” birlikdə 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Antalya şəhərində əlamətdar sosial tədbir təşkil etmişlər. Tədbirdə hər iki ölkənin bayraqları dalğalanmış, gənclərin çəkdiyi rəsm əsərləri və hazırladığı milli suvenirlərdən ibarət sərgi nümayiş etdirilmiş, Azərbaycan mətbəxinə məxsus milli yeməklər qonaqlara təqdim olunmuşdur. Gənclərin hazırladığı musiqili və ədəbi-bədii proqram tədbirə xüsusi rəng qatmışdır.
Tədbir iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, eyni zamanda əlilliyi olan şəxslərin cəmiyyət həyatında fəal iştirakının təşviqinə töhfə vermişdir. Layihə iştirakçılarının bu kimi beynəlxalq təcrübələrdə iştirakı onların inkişafına, dünyagörüşlərinin genişlənməsinə və gələcəkdə sosial layihələrdə daha fəal rol almalarına mühüm təsir göstərir.


