• Əlilliyi olan şəxslərə sosial dəstək İB
"Səslər Birliyə Çağırır" adlı xeyriyyə konserti keçirildi
05 may, 23:44
184

5 may 2026-cı il tarixində Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi və Azərbaycan Universitetinin nəzdində fəaliyyət göstərən “SOSSFERA” klubunun birgə təşkilatçılığı ilə 5 May – Əlilliyi olan Şəxslərin Hüquqlarının Müdafiəsi Günü münasibəti ilə Kapelhaus  Alman - Azərbaycan Mədəniyyət Mərkəzində “Səslər Birliyə Çağırır” adlı xeyriyyə konserti baş tutdu.

Tədbir “Mənim səsim, mənim hüququm!” adlı kiçik səhnəciklə açıq elan olundu. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlər 1 dəqiqəlik sükutla yad edildi.

Konsert proqramını giriş sözü ilə “SOSSFERA”nın təsisçisi Ayxan Şahbazsoy açdı. Daha sonra Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Əlilliyi olan Şəxslərə Sosial Dəstək İctimai Birliyinin sədri Təranə Musayeva çıxış edərək tədbirin əhəmiyyətindən bəhs etdilər və iştirakçılara uğurlar arzuladılar.

Tədbirdə Azərbaycan Universitetinin müəllim və tələbə kollektivi, ictimai birliklərin nümayəndələri, eləcə də tanınmış incəsənət xadimləri iştirak edirdilər. Konsert proqramı çərçivəsində 20-yə yaxın müxtəlif musiqi nömrələri və rəqs çıxışları təqdim olundu.

Xeyriyyə konserti böyük coşqu ilə yekunlaşdı. Sonda iştirakçılara Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və tanınmış səhnə ustası Rəfael İsgəndərov tərəfindən təşəkkürnamələr və hədiyyələr təqdim edildi. Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatdı.