02 yanvar 2026-cı il tarixində Heydər Əliyev Sarayının, AZKONSERT MMC və EMKI Production-un birgə təşkilatçılığı ilə Heydər Əliyev Sarayında möhtəşəm “Yeni il” şənlik proqramı keçirilmişdir.
Tədbirin əsas məqsədi yeni ilin gəlişini bayram əhval-ruhiyyəsi ilə qeyd etməklə yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin, xüsusilə də əlilliyi olan şəxslərin sosial həyata inteqrasiyasını, onların mədəni tədbirlərdə aktiv iştirakını təşviq etmək olmuşdur.
Şənlik proqramında “Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyi tərəfindən 50 nəfər əlilliyi olan şəxs iştirak etmişdir. İştirakçılar üçün yaradılmış səmimi və bayram ab-havası, musiqili və əyləncəli proqram onların sevincinə, sosial fəallığının artmasına və asudə vaxtlarının mənalı təşkilinə mühüm töhfə vermişdir.
Tədbir iştirakçıları göstərilən diqqət və qayğıya görə təşkilatçılara minnətdarlıqlarını bildirmiş, bu kimi sosial yönümlü təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulamışlar.
Qeyd edək ki, bu cür tədbirlər inklüziv cəmiyyətin formalaşdırılması, sosial bərabərliyin təşviqi və mədəniyyətin hər kəs üçün əlçatan olması baxımından xüsusi əhəmiyyət daşıyır.